Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidməti kompleks yoxlamalar aparılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində 8 nəfər işdən azad edilib. Belə ki, yoxlamalar zamanı İdarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin, hebelə narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis bölməsinin rəisi, polis mayoru Samir Qayıbov və bölmənin rəis müavini polis mayoru Ramil Rüstəmovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.
DİN bu idarədə yoxlama keçirdi - 8 vəzifəli şəxs işdən çıxarıldı
Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüb. Yoxlamalar davam etdirilir.
Qeyd edək ki, 3 ay öncə Abşeron Rayon Polis İdarəsinin rəisi dəyişdirilib. Polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq yerinə polkovnik Musa Musayev təyin edilib.