Bu gün Ali Məhkəmədə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs və zərərçəkən tərəf kassasiya şikayətini geri götürüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.
Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.