Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli "2023-cü ildə ermənilərə qarşı soyqırımı" rəyi ilə bağlı britaniyalı mütəxəssis Rodni Dikson tərəfindən hazırlanmış ifşaedici hesabat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Pravda.az xəbər verir ki, hesabatda Luis Moreno Okamponun rəyinin hüquqi əsaslandırma baxımından kökündən qüsurlu olduğu, onun rəyinin müstəqil və ya ədalətli ekspert hesabatının metodologiyasını əks etdirmədiyi vurğulanıb.
Britaniyalı mütəxəssis Dikson hesabatında müvafiq ekspert rəyini açıq şəkildə natamam hesab edib və qeyd edib ki, sözügedən rəydə faktiki və hüquqi kontekstdə mövcud sübutların rasional və balanslaşdırılmış təhlili aparılmayıb, həmçinin Ermənistan və Azərbaycanla bağlı Beynəlxalq Ədalət Məhkəməsindəki proseslər yanlış səciyyələndirilib. Dikson belə nəticəyə gəlib ki, hazırda soyqırımın baş verdiyinə dair Okamponun iddiasını heç bir sübut dəstəkləmir. Bu baxımdan beynəlxalq ictimaiyyət bu iddiaları və onların irəli sürülmüş nəticələrini qəbul etməməli, əksinə diqqət sülh prosesinin irəliləyişinə, regionda hamının maraqlarına uyğun olaraq insan hüquqlarının qorunmasına yönəldilməlidir: "Moreno Okamponun rəyində hazırda Qarabağda soyqırımı törədilməsi iddiasının heç bir əsası yoxdur. Bu, regionu real prioritetlərindən yayındıran açıq-aşkar əsassız iddiadır. Rəyin Ermənistan və Azərbaycanın sülh axtarışında olan hökumətləri arasında əsassız reaksiya yaratmasına və ya daha geniş beynəlxalq ictimaiyyəti çaşdırmasına icazə verilməməlidir".