Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Pravda.az xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib.