Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir. Milli Məclisin daha iki deputatı - Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev və ReAL təmsilçisi Erkin Qədirli analoji açıqlama ilə çıxış edib.
Bundan əvvəl isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirərək, hazırlıq prosesinə start verdiklərini açıqlayıb. AXP sədri, sabiq baş nazir Pənah Hüseyn Bakupost.az-a geniş videomüsahibəsində ehtimalını səsləndirib. Partiya sədri deyib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri iyul-avqust aylarında keçirilə bilər. Partiya sədri seçkilər öncəsi hakim partiya ilə müxalifət arasında konsolidasiyaya ehtiyac olduğunu vurğulayıb və zəiflədilən müxalifətin dirçəlməsi üçün YAP-ın 30-a yaxın dairədən namizəd irəli sürməməsi təklifi ilə çıxış edib. Həmçinin hakimiyyət komandasındakı mənbələrdən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın artıq verildiyini bildirib.
Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabrdan tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb. Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. O da bildirilir ki, bəzi xəbər agentliklərinin rəhbərləri də işçilərinə avqustda məzuniyyətə buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib. “Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, məsələnin P.Hüseynin təklif etdiyi kimi qoyuluşu daxildə və xaricdə düzgün qəbul olunmaz. Onun fikrincə, sağlam rəqabət olmalıdır: “Qəbul edirik ki, YAP güclüdür, Qarabağdakı qələbədən sonra hakim partiyanın nüfuzu artıb. Sadəcə, bərabər şərait yaradılmalıdır, sağlam rəqabət mühiti olmalıdır. Yəni təbliğat-təşviqat kampaniyası ilə bağlı maneə törədilmədən seçki prosesi keçirilməlidir. Belə desək, süni istixana mühiti yaratmaq olmaz”, - deyə A.Nağı təklifi belə dəyərləndirib. Onun sözlərinə görə, hamı kimi gözləntidədirlər və parlament seçkilərinin konkret nə vaxt olacağı haqda dəqiq informasiya yoxdur: “Amma yay mövsümündə seçki olacağını ehtimal edirik. Ona görə partiyamızda siyahını dəqiqləşdiririk, təbliğatı necə aparmalıyıq, bu barədə müzakirələrimiz gedir”.
AMİP sədri Arzuxan Əlizadə açıqlamasında qeyd etdi ki, bu məlumatlar mətbuatda yayılır, rəsmi rəy bildirilmir: “Amma hazırlıqlara çoxdan start vermişik. Prezident seçkisindən sonra Siyasi Şura olaraq hazırlığa başlamışıq, rayon təşkilatlarına anketlər göndərilib, hansı dairələr üzrə komandalar formalaşacağına qərarlar verilib. Çünki ehtimal böyükdür ki, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Hər halda, gözləntilərimiz böyükdür. Əslində proporsional seçki sisteminin tətbiqini arzulayırdıq. Ümumiyyətlə, bir sıra seçki islahatları aparılmasını təklif etmişdik. Amma seçkilərin nə vaxt olacağı barədə müxtəlif fikirlər səslənir”. A.Əlizadənin sözlərinə görə, parlamentdə müxalifətin çəkisini artırmaq lazımdır: “Son zamanlar xaricdən ölkəyə təzyiqlər artıb. Qarabağ zəfərindən sonra basqılar güclənib. Bunları nəzərə alaraq, müxalifətin parlamentdə təmsilçiliyi gündəmə gətirilməlidir. Hazırda parlamentdəki hakim partiya istisna, digər partiyalar bir nəfərlə, sədrlə təmsil olunur. Bu ənənəyə son qoyulmalıdır. Hakimiyyətin Pənah bəyin təklif etdiyi bu məsələ ilə bağlı siyasi iradəsi olarsa, dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq imicinin güclənməsinə kömək edə bilər”.