Əməkdar artist Qorxmaz Əlilicanzadə "Elgizlə izlə" verilində mərhum atası aktyor və rejissor Məmməd Əlilidən danışıb. Axşam.az xəbər verir ki, atası ilə bağlı xatirələrini bölüşən aktyor efirdə ağlayıb.
"O vaxt mükafat almaq üçün siyahıda atamın adı da verilmişdi. Amma atamın adı keçmədi. Zəng edib maraqlandı, fəxri adı olmadığına görə mükafata layiq görülməmişdi. Moskvadan gəlib bir baş birinci katibin otağına girmişdilər ki, bu adama hələ də ad verməmisiniz? O ad ona veriləndən 5-6 ay sonra onu işdən çıxartdılar. Düşmənlər, gözü götürməyənlər var idi. Cəfər Cabbarlı sevməyənlər var idi, atam onun dostu idi.
Elə olmuşdu ki, anam rəhmətlik pəncərədən atama uşaq üçün dəftər al demişdi. O da əli ilə göstərib ki, haradan alım? Bilirsən ki, yoxdur. Yolda Rəsul Rza ona rast gəlib. O, atamın üzünü görəndə vəziyyəti başa düşüb. Bilir ki, neçə aydır atamı işdən çıxarıblar. Ona deyir ki, utanmırsan, nə vaxtdır səni axtarıram, məni tutdurmaq istəyirsən? Atam soruşur ki, nə olub? Deyir ki, sənə neçə aydır maaş yazdırmışam, bilirəm, işdən çıxarıblar səni. Atamın gözünə işıq gəlib. Aparıb atama 3 aylıq maaşa qol çəkdiriblər. Biz o aclığı, çətinliyi görmüşük.