Ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.
Xatırladaq ki, Niyazi Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə təqsirli bilinib.
Məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O məhkəmə zalından azadlığa buraxılıb. Hökmü apellyasiya məhkəməsi qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti əsaslı sayaraq, işi apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Niyazi Vəliyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə təqsirli bilinib, ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs başqa iş üzrə həbsdə olduğu üçün təyin olunan cəzadan 1 il 2 ay çıxılıb, yekun olaraq üzərində 5 il 4 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.