Azərbaycanın Bakıyla məhdudlaşdırılması ölkənin yarısını bütün ictimai proseslərin kənarında saxlayır.
Sərgilər, yarmarkalar, müxtəlif mədəni-kütləvi tədbirlər ancaq Bakıda yaşayanlara hesablanır. Nəticədə intellekti olan, amma istedadı olmayan bir nəsil yetişir.
İstedad uşağın təbiətlə ünsiyyətinin məhsuludur, intellekt cəmiyyətlə.
"McDonalds"da böyüyən uşaqda istedad ola bilməz, onda olan intellektdir.
İstedadın sosial məzmun qazanması üçün kənd və şəhər arasında əlaqə olmalıdır. Məni adam eləyən (əgər edə bilibsə) qoyun otaranda oxuduğun mavi üzlü "Elm və həyat" jurnalı olub.
Bu gün kənd Bakıda ancaq kənd toyuğu, kənd yumurtası, motal pendiriylə təmsil olunur. Kənddən şəhərə istedad gəlmir.
İstedadın olmaması ictimai mühitimizi cansızlaşdırır. İntellekt quru təfəkkür yaradır. İntellekt yaddaşa quraşdırılmış sayğacdır.
Səbəbi nədir? Bürokratiyanın şəhərləşməsi. Bürokratik sistemin yalnız "McDonalds"da böyüyüb, xaricdə təhsil alıb, heç vaxt ictimai mühitdə görünməyən insanlardan təşkil olunması. Bu insanlar kəndi, əyaləti ancaq yeməkləri ilə tanıyırlar.