İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır. Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.
Qanunvericiliyə əsasən, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Yəni əkin-biçin üçün nəzərdə tutulan torpaqda fərdi ev və ya hər hansı obyekt tikmək, ərazini hasara almaq yolverilməzdir.
Təəssüf ki, bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması səbəbindən, bəzən də bilərəkdən qanunvericiliyin bu tələbi kobud şəkildə pozulur. Nəticədə, həm torpağın səmərəliliyi və münbitliyinə ziyan vurulur, həm də mülkiyyətçinin qanunsuz tikdiyi ev və ya obyekt sökülməli olur.
Lakin Torpaq Məcəlləsinə yeni edilən dəyişiklik təsərrüfat təyinatlı ərazilərdə tikinti işlərinin aparılmasını tam məhdudlaşdırmır.