Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.
Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib.
Bundan başqa, Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması və dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi baxımından da zəruridir. Eləcə də dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması sahəsində yeni çağırışlar da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin sistemli və davamlı şəkildə aparılmasını şərtləndirir.