Özünü “Rembo” ləqəbi ilə tanıdan qazi Mehman Babayev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edərək həbsdən azad edib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 55 yaşlı Mehman Babayev taksidə tanış olduğu qadına qarşı dələduzluq etməkdə ittiham olunub.
Belə ki, Mehman Babayev taksi ilə Daşkəsənə gedən zaman taksidə olan Zenfira adlı qadınla tanış olub. Qadın oğlu Elgizin hərbi xidmətdə problemlərinin olduğunu, oğlunu gizirlik kursuna göndərmək istədiyini deyib. Mehman Babayev bu işi həll edə biləcəyini söyləyib.
Razılığa əsasən, Mehman Babayev Zenfira adlı qadının oğlunu gizir kimi hərbi hissələrdən birində işə düzəldəcəkmiş. Buna görə 7 min manat pul alıb. Həmçinin 1000 manat da əlavə olaraq alıb ki, YAŞAT Fondundan sığorta pulunun alınmasına kömək edəcək. Lakin vədlərinə əməl etməyib.
M.Babayev bildirib ki, aldığı pulu tanışı, hərbçi Tofiq Orucova verib. Onun sözlərinə görə, Tofiq Orucov qəfil ürək tutmasından vəfat etdiyi üçün problemlər yaranıb.
