Son vaxtlar sosial şəbəkə hesablarında paylaşılan video tamaşaçılar arasında qınağa səbəb olub. Efirdə olan adamlar kamera qarşısında məsuliyyət hiss etməlidir. Hər kəs bilməlidir ki, efirdə nalayiq ifadələrdən istifadə etmək, vulqar sözlər söyləmək yasaqdır. Çünki efir bir mədəniyyətdir və televiziya qarşısında əyləşən tamaşaçı məhz orada çıxış edən aparıcıları, tanınmış qonaqları özünə nümunə kimi götürür.
Vay o gündən ki, aparıcı etik çərçivələrə sığmayan davranışları, vulqar ifadələri ilə gündəmə gəlməyə, reytinq toplamağa çalışsın. O zaman bütün problemlər ortaya çıxır. Cəmiyyət isə uçuruma yuvarlanır. Son günlər ARB TV-nin efirində aparıcı Nigar Fərhadın təqdimatında yayımlanan “Günü bu gün-Nigarla” verilişində qonaqlardan biri olan yaşı qadının dışlanması görüntüləri ciddi müzakirələrə və tənqidlərə yol açıb. Bu, həm də televiziyalarda bir senzuranın olması məsələsini gündəmə gətirib və hər kəsin efirə buraxılmamasının vacibliyini ortaya qoyub.
Məsələ ilə bağlı Konkret.az-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media üzrə ekspert Qulu Məhərrəmli bildirib ki, televiziya aparıcısının müəyyən hüquqları və səlahiyyətləri var.
“Aparıcıdan verilişi təqdim etmək tələb olunur. O da bütün imkanları ilə verilişin xoşagələn olmasına çalışır. Tamaşaçılarda maraq oyatmaq istəyir. Müsahibləri yaxşı danışdırsın, yeri gələndə moderator, təhlilçi, yeri gələndə situasiyanın sahibi kimi özünü aparsın. Ama bütün bunların hamısı bir davranış nümunəsi kimi təqdim olunmalıdır. Televiziya özü vitrindir. Nümunə götürüləsi vasitədir. Ona görə də aparıcılar öz davranışlarında nə qədər nəzakətli, mədəniyyətli olsalar, bir o qədər yaxşıdır. Amma bizdə bəzi aparıcılar səlahiyyət hədlərini aşır. Studiyadan adam çıxarır, dəvət olunan qonaqları təhqir edirlər. Hesab edirəm ki, bu, yolverilməzdir. Bəzi hallarda quraşdırılmış səhnələr də ola bilər. Amma bütün hallarda tamaşaçı onu etik qaydanın pozulması, nəzakətsizlik kimi qəbul edir. Televiziya rəhbərləri, rejissorlar da bu məsələyə xüsusi diqqət yetirməlidirlər.“