Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin dindirilməsi davam etdirilib.
Prosesdə ifadə verən Anar Əhmədov bildirib ki, o, "Ozan" MMC-də inzibatçı kimi çalışıb: "Ofisdə 2015-ci ildən turizm işində çalışmışam. Məni işə Fərhad Qasımov qəbul etmişdi. Rəsmi əmək müqaviləli işçi kimi 1000 manat maaş alırdım. 2023-cü ildə bizim ofisə Kibercinayətkarlıqla Mübarizə İdarəsindən gəlib axtarış apardılar. Dindirildikdən sonra sənədləri gətirdilər. Eynəyim olmadığı üçün mən də oxumadan imzaladım. Daha sonra həbs olundum. Ofisdə aşkar olunanlardan xəbərim olmayıb. Şahid Nailə Kərimova ilə aramızda pul məsələsi olduğunu deyirlər, lakin biz bir-birimizi tanımırıq".
Vəkil məhkəməyə vəsatət verərək təqsirləndirilənin ibtidai istintaqa verdiyi ifadənin sübutlar siyahısından çıxarılmasını xahiş edib. O, bildirib ki, Anar Əliyevin ifadəsi alınarkən hüquqi normalar pozulub.
Məhkəmə müşavirə əsasında qərara alıb ki, vəsatətə yekun müşavirədə münasibət bildirilsin.
Digər təqsirləndirilən Cavid Əzizov da bildirib ki, onu işə Fərhad Qasımov qəbul edib və o, həmin şirkətdə nəzarətçi vəzifəsində çalışıb.
O, ittihamda mühasib işləməsi iddiasına münasibət bildirib: "Mən heç cibimdəki pulu saya bilmirəm. Mənim ona savadım çatmazdı. İttihamı qəbul etmirəm. Onların heç birini oxumamışam. Təqsirləndirilənlərlə qohumuq. Onlarla başqa əlaqəm olmayıb. Bahadır Qasımov xaricdə yaşayırdı. Ofisə tez-tez gəlmirdi. Əleyhimə ifadə verənlərini niyə belə etdiyini bilmirəm. Özləri bilsin, Allahları bilsin".
Digər təqsirləndirilən Fərhad Qasımov ifadə verməyə hazır olmadığını deyib.
Ona vaxt verilib.