Bakının Zığ qəsəbəsində həyat yoldaşı və qayınatasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Hikmət Əkbərovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda cinayət işində şahid kimi tanınan sonuncu şəxslərin sərbəst ifadələri dinlənilib.
Sərbəst ifadəsi zamanı bütün proses iştirakçılarının diqqətini cəlb edən 12 yaşlı uşağın anlatdıqları hamını dəhşətə gətirib. O, anası ilə nənəsigildə qonaq olarkən anasının ölümü ilə bağlı gördüklərini belə izah edib:
"Anamla atam nənəmgillə barışandan sonra anamın bizə qarşı münasibəti dəyişmişdi. O, nənəmin evinə gedib gələndən sonra həmişə bizi acılayırdı. Elə bil ki, nənəm anamı atamdan ayırmağa çalışırdı həmişə".
Anasının qətlindən, atasının isə həbs olunmasından sonra nənəsinin (atasının anası) himayəsində qalan azyaşlının ifadəsi hakim və ittiham tərəfi ilə yanaşı, müdafiə tərəfində də bir qədər təəccüb oyatdığından ona hadisə ilə bağlı dolaşıq suallar ünvanlayıblar. Hadisənin başvermə anına gəlincə isə azyaşlı bunları deyib:
"Həmişə onlarda babamla yatırdım. Amma həmin gecə kiçik qardaşımı qucaqlayıb yatmışdım. Birdən ayılıb otaqdan çıxanda anamı uzanmış vəziyyətdə sifəti qanın içində gördüm, xırıldayırdı. Atam da ayaq üstə durmuşdu, bu əli (sağ əlini göstərir) kəsilmişdi, qanlı idi. Sonra atam bizi onlardan götürüb əmimə zəng etdi".
Azyaşlı şahidin ifadəsi müzakirəyə qoyularaq onun atasının yaxınları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb-qalmaması qiymətləndirilib. Bununla bağlı şübhəli məqamlar olsa da, onun ifadəsi qəbul olunub.
Sərbəst ifadə verən digər şahid Xəyalə Əkbərova isə qardaşının törətdiyi hadisə ilə bağlı hər hansı bir məlumata sahib olmadığını dediyindən onun ibtidai istintaqa verdiyi ifadəsi proses iştirakçılarının diqqətinə çatdırılıb. Təqsirləndirilənin bacısı hakimin suallarını cavablandırarkən azyaşlı qardaşı oğlunun məhkəmədə həqiqətən də fərqli ifadə verməsini bir daha sübut etdi.
"Qardaşımın oğlu hadisənin necə baş verdiyini mənə deyib. Hər şey onun gözü qarşısında baş verib. Buna görə qardaşımı heç vaxt bağışlamayacağam. Bənövşə əxlaqlı gəlin idi".