Bir neçə gün əvvəl Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. O, xəstəxanaya aparılsa da, bir gün sonra tibb müəssisəsində vəfat edib. Pravda.az modern.az-a istinadən xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında bildirilir ki, cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev məsələ ilə bağlı bildirib ki, ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxşılar keçirilib, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib.
"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyatı üzrə göndərilib. Bundan başqa hadisə yerinə yaxın intervalda yerləşən ictimai-iaşə obyektlərində quraşdırılmış müşahidə kameralırndan müəyyən görüntülər götürülüb. Eyni zamanda təhlükəsizlik kameralarından müəyyən görüntülər götürülüb. Həmin görüntülərə də baxış keçirilib. Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib", - o qeyd edib.