Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyi sədrinin müavini vəzifəsində çalışmış Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Murad Kazımovun məhkəməsi başa çatıb.
Pravda.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sumqayıt şəhər sakini Murad tanışı, 1975-ci il təvəllüdlü Mahirin onun anasının istifadəsində olan mobil telefona zənglər vurduğunu, mütəmadi izlədiyini, narahat etdiyini öyrənib.
Daha sonra onun yanında anasına qəsdən söz atıb, sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb. Murad Mahiri bu hərəkətlərdən çəkindirməyə çalışıb, ona xəbərdarlıq edib. Amma Mahir Muradı uşaq bilib və onu döyərək əməllərinə davam edib.
Belə olanda Murad qisas almaq məqsədilə M.Allahverdiyevi öldürmək qərarına gəlib. O, niyyətini gerçəkləşdirmək üçün 2022-ci il dekabrın 12-də gecə saat 00:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda binaların arasında yerləşən qarajların qarşısında Mahirlə görüşüb. Orada ona ümumilikdə 19 bıçaq zərbəsi vurub.
M.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İki saat sonra o, tibb müəssisəsində ölüb.
İstintaq orqanı Murada Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.