BURADA REKLAMINIZ OLA
BİLƏR

"Minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir"

"Çox güman, yaxın günlərdə daha dəqiq məlumatlar olacaq, amma mən iki məsələni önə çəkmək istəyirəm. Ölkədə DSMF-yə ödənişlər fərdi sahibkarlar üçün minimum əmək haqqının məbləğinə bağlıdır – qanunvericilikdə bu maddə var: Sosial Sığorta Haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlar 1 aprel 2020-ci il tarixinədək sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizini ödəməlidirlər".

 

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

 

N.Cəfərli əlavə edib ki, ölkədə rəsmi məlumatlara görə 1,1 mln. insan fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib: "Təbii ki, bunların hamısı fəaliyyətdə deyil, amma 800 minə yaxın aktiv DSMF ödəyicisi var. Təsəvvür edin ki, minimum əmək haqqı 30% artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq. Qanunda nəzərdə tutulan bu bağlantı, belə korelyasiya kökündən yanlışdı. Təsəvvür edin ki, kimsə Bakıda fərdi sahibkar kimi ticarətlə, və ya tikinti ilə məşğuldur, ay ərzində 300 manat dövriyyəsi olub, əgər minimum əmək haqqı 30% artsa, bunun DSMF-yə ödənişi 162 manat 50 qəpik təşkil edəcək – belə də ödəniş olar?! Digər sahələrdə də eyni vəziyyətdir, VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər. Minimum əmək haqqının artımı onlara birbaşa təsir göstərir, ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əmək haqqına ödənişlərə təsiri, bağlantısı aradan götürülməlidir.

 

Fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı (məsələn, aya 25 manat), ya da dövriyyəsindən, gəlirlərindən asılı olaraq ödənişlər dəyişməlidir (məsələn, 1000 manata qədər 25 manat, 1000-2000 arası 50 manat, 2000-3000 arası 75 manat və s.) – Bir sözlə, minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir! Zatən vətəndaş təqaüd sisteminə inanmır, bu qədər yüksək ödənişlər onun üçün əlavə yük gətirir. Bundan başqa özəl təqaüd fondlarının yaranmasına, fəaliyyətinə mane olan süni əngəllər aradan qaldırılmalı, dövlətin bu sahədə də qurduğu təbii inhisarçılıq ləğv edilməlidir. Özəl təqaüd fondları ilə vətəndaşlar arasındakı müqavilələr sərbəst olmalı, qarşılıqlı fayda əsasında müqavilələr bağlanmalıdır".

 

"İkinci məsələ isə odur ki, belə primitiv iqtisadi modeldə əmək haqqının və təqaüdlərin artımı mütləq qiymətləri də artıracaq, inflyasiyanı yüksəldəcək – Zatən keçən ilin sentyabr ayına nisbətən bu ilin sentyabında insanların nominal gəlirləri cəmi 2% artıb, amma ərzaq qiymətləri isə 2020-nin sentyabrına nisbətən bu ilin sentyabrında 10%-ə yaxın artıb. Yəni, inflyasiya insanların nonimal gəlir artımını “yeyib”, hətta real gəlirlərinin də kəskin azalmasına səbəb olub ki, bu da yoxsulluğun artması deməkdir. Deməli, tək əmək haqqının və təqaüdün artırılması yetərli deyil, həm də iqtisadi sistemdə ciddi dəyişiklik olmalıdır ki, artım inflyasiyanın “yemi” olmasın..." - N.Cəfərli qeyd edib.

Tarix: 20 Oktyabr 2021, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin