“Diqqət etsək, son iki ildə bütün danışıqlarda, məxfi görüşlərdə, o cümlədən parlament çıxışlarında, ayrı-ayrı ərazilərdə vətəndaş birlikləri ilə görüşlərində Paşinyan heç vaxt öz xalqı üçün xilaskara çevrilməyə indiki qədər yaxın deyildi. Məhdud sayda, amma kükrəmiş və ayrı-ayrı qüvvələr tərəfindən yönləndirilən, lidersiz, 30 il bundan əvvəlki dövrdə Razdan meydanına “Qarabağ”, “myatsum”, “torpaq” şüarları ilə çıxan, amma son üç onillik ərzində rəhbərləri tərəfindən sömürülən, məhv edilən, yalnız məzarlıqlar qazanan erməni xalqı isə evindən Paşinyanı seyr etməklə məşğul idi. Onların mütləq əksəriyyəti hazırkı rəhbərlərinin nə söylədiyini başa düşürlər. Əminəm ki, qəlbən onunla şərikdirlər. Paşinyanın bu sözləri şok və qorxu altında söylədiyinə şübhəniz olmasın. Burada siyasi müstəvidə səmimiyyət, demək olar, özünü göstərmir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin komitə sədri Zahid Oruc Ermənistanın Baş naziri Nikol Paşinyanın “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə verdiyi açıqlamanı şərh edərkən deyib.
Z.Oruc bildirib ki, Paşinyanın çıxışında son iki günün hərbi əməliyyatları əvəzsiz rol oynayıb: “Gördüyünüz kimi, ondan əvvəl söylənən fikirlər də az əhəmiyyətli deyil. Əvvəlcə söyləndi ki, yaxşı, Azərbaycanın informasiya seqmentində səslənir ki, həmin bölgələrdə sərhəd yoxdur, biz də müxtəlif strateji yüksəklikləri tuturuq. O zaman sanki bizimlə virtual polemika aparırmış kimi bildirildi ki, belə olan təqdirdə tam sərhədsiz vəziyyətdirsə, axı biz Sovet İttifaqı dövründə bir xəritə və Qarabağın Azərbaycanın tərkibində olması dövrünü yaşamışıq. Həmin zamanı bizə xatırlatdılar. Çox unikal bir mənzərədir. Son 30 ildə ərazi bütövlüyü, Sovet dövrü, xəritələr, Qarabağın Azərbaycanın tərkibində olmasından danışanda bütün beynəlxalq konfranslarda ölkənin birinci şəxsi başda olmaqla, parlamentarilər, dövlət adamları, sadə vətəndaşlar, partiyalar, hərəkatlar deyirdilər ki, “yox, orada hər hansı sərhəddən, bütövlükdən danışmaq olmaz”. Nə əcəb, indi bizim arqumentlərimizlə silahlanıb? Həqiqətənmi, son iki günün zərbələri olmasaydı, o söz dilə gəlməzdi? Məgər 44 gün kifayət etmədi? Ona görə də bizim tam ixtiyarımız var ki, 12-14 sentyabr tarixləri arasında gedən və şəhidlərimizin qanı ilə çəkilmiş sərhədlər, Ordumuzun süngüsü ilə müəyyənləşən nişanlar və bayraqları da 44 günlük savaşın davamı sayaraq Paşinyanın parlamentində və xalqına müraciətində “bu müqaviləni imzalamaqdan başqa yolumuz yoxdur” sözünü dedirtsin”.