“Son 200 illik tarixdə ermənilər azərbaycanlıları yaşadıqları torpaqlardan sıxışdırıb çıxarmış və özlərinə dövlət yaradaraq ərazilərinin genişləndirilməsinə nail olublar. Ermənilər əsasən havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının müəyyən hissəsinin ələ keçirilməsinə, zaman-zaman soyqırımlar törətməklə azərbaycanlıları ata yurdlarından məcburi şəkildə köçürülməsinə, son yeni tariximizdə Qərbi Azərbaycanda yaşayan 300 min soydaşımızın illər ərzində qurduğu ata yurdlarını qoyaraq Azərbaycana qaçmalarına məcbur edib, ərazilərimizin 20%-ni işğal etməklə 700 min vətəndaşımızın ölkə daxilində qaçqın statusu almasına nail ola biliblər. Xocalı, Başlıbel, Ağdaban və Bağanis ayrım soyqırımları erməninin iç üzünü göstərən tarximizin qanlı səhifələri kimi yaddaşlarımıza həkk olunub”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan 30 ildə torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüququn bərqərar olunması üçün səbr nümayiş etdirib: “Dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün beynəlxalq kürsülərdən Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışlar etdi. Hətta Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını, torpaqlarımızda erməni işağlına danışıqlar yolu ilə son qoyulmayacağı təqdirdə hərb yolu ilə, öz gücümüzlə bunu edəcəyini dəfələrlə bəyan etdik. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət ancaq qətnamələr qəbul etməklə kifayətləndi və münaqişənin dinc yolla həll edilməsi üçün BMT-dən mandat almış ATƏT-in Minsk Qrupu torpaqlarımızın erməni işğalını əbədiləşdirilməsinə çalışdı. İlham Əliyev Prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi diqqət göstərdi və bu, Silahlı Qüvvələrimizin inkişafında və güclənməsində yeni səhifə açdı. 2016-cı il aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz təxribatlarının qarşısı alınanda Müzəffər Ordumuz düşmənə gücümüzü qismən nümayiş etdirmişdi. Bu, Ermənistan üçün bir mesaj idi. Təəsüf ki, Ermənistan rəhbərliyi mesajlarımızdan nəticə çıxartmadı və 27 sentyabr 2020-ci ildə yenidən genişmiqyaslı təxribata əl atdı. Hətta Ermənistanın məqsədi yeni ərazilər uğrunda yeni müharibə şüarı ilə Azərbaycanla müharibə aparmaq və yeni ərazilərimizi işğal etmək idi. Ali Baş Komandanın çağırışına yekdilliklə qoşulan xalqımız ordumuzla həmrəylik nümayiş etdirərək “dəmir yumruq”a çevrildi”.