Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilmişdir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilmiş, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilmişdir.
