Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Fərəcovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmişlərin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, təqsirləndirilən şəxs 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə bölməsində böyük yanğınsöndürən vəzifəsinə təyin edilib. O, həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək qərarına gəlib.
Belə ki, Rəşad Fərəcov 2022-ci ilin dekabrında tanışı olan zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) guya birgə biznes fəaliyyəti ilə məşğul olmaq təklifi edib. Təqsirləndirilən şəxs neft məhsulları istehsal edən şirkətlərə məxsus müxtəlif rayonlardakı yanacaqdoldurma məntəqələrindən benzini ucuz qiymətə alıb Bakıda fəaliyyət göstərən şirkətlərə daha baha qiymətə satmaqla külli miqdarda gəlir əldə etməyin mümkün olduğunu bildirib. Bu məlumatlar həqiqətə uyğun olmayıb. Rəşad Fərəcov zərərçəkmişin ona qarşı formalaşmış inamından istifadə edərək biznesə sərmayə qoymağa razı salıb.
2022-ci ilin dekabrında təqsirləndirilən şəxs D.D.-dən cinayətdən xəbərsiz tanışı A.İbrahimov vasitəsilə 4 500 manat alıb. Daha sonra zərərçəkmişdə biznes fəaliyyətinin həqiqətən həyata keçirildiyinə və gəlir əldə edildiyinə dair inam yaratmaq məqsədilə ona 4 850 manat qaytarıb. Həmin məbləğ əvvəl aldığı 4 500 manata əlavə edilən 350 manatla birlikdə guya əldə edilmiş qazanc kimi təqdim olunub.
Bundan sonra Rəşad Fərəcov biznes fəaliyyətini genişləndirəcəklərini və daha çox gəlir əldə edəcəklərini bildirərək D.D.-dən əlavə pul almağa davam edib.
2023-cü ilin yanvarından mart ayınadək Bakı şəhərində müxtəlif vaxtlarda zərərçəkmişdən nağd şəkildə və öz istifadəsində olan bank kartlarına köçürmə yolu ilə ümumilikdə 102 000 manat pul aldığı qeyd olunur. Sonuncu dəfə 2023-cü ilin martında Yasamal rayonunda, Məhəmməd Xiyabani küçəsində 4 300 manat aldığı bildirilir.
Rəşad Fərəcov həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
Beləliklə, D.D.-yə məxsus ümumilikdə 102 000 manatın aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirildiyi və ona külli miqdarda ziyan vurulduğu müəyyən edilib.