Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bakıda 175 min manatlıq dələduzluq edən şəxsin cəzası ağırlaşdırıldı 

Paylaş:
Bakıda 175 min manatlıq dələduzluq edən şəxsin cəzası ağırlaşdırıldı
Bizi Google News-da izləyin

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramid Hətəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmdən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq olunmasına dair müddəalar xaric olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

İttiham aktına görə, Ramid Hətəmov özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin sentyabr ayının sonlarında S.İsgəndərovla tanışları vasitəsilə əlaqə saxlayıb. Söhbət Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “AB” yaşayış sahəsinin qarşısında yerləşən 0,30 hektar torpaq sahəsindən gedib.

Belə ki, Ramid Hətəmov həmin ərazidə boş torpaq sahəsinin olduğunu, bundan əlavə, ona bitişik daha 0,43 hektar boş ərazinin də yerləşdiyini bildirib. Beləliklə, ümumilikdə 0,73 hektar torpaq sahəsinin mövcud olduğunu deyib.

Sonra o, guya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə çalışan tanışının olduğunu və həmin əlaqələrindən istifadə etməklə torpaq sahəsinə əvvəlcə öz adına çıxarış alacağını, ardınca isə 0,73 hektar ərazini alqı-satqı yolu ilə S.İsgəndərovun adına keçirə biləcəyini vəd edib.

İttihamda bildirilir ki, Ramid Hətəmov bu məqsədlə torpaq sahəsinin hər 0,1 hektarına görə 12 000 manat olmaqla, ümumilikdə 876 000 manat vəsaitin rüşvət kimi verilməsinin zəruri olduğunu deyərək S.İsgəndərovu aldadıb.

Tərəflər arasında razılaşmaya əsasən, S.İsgəndərov ilkin olaraq 200 000 manat, çıxarış hazır olduqdan sonra isə qalan məbləği ödəməli imiş. 

Məlumata görə, Ramid Hətəmov razılaşmadan sonra pul vəsaitinin bir hissəsini müxtəlif vaxtlarda alıb. 

Beləliklə, təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda aldığı vəsaitin ümumi məbləği 175 000 manat təşkil edib.

Ramid Hətəmov əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib.

İstintaqın mövqeyinə görə, Ramid Hətəmovun ilkin niyyəti yalnız 175 000 manat əldə etmək olmayıb. S.İsgəndərovun qalan vəsaiti verməkdən imtina etməsi səbəbindən təqsirləndirilən şəxs 876 000 manatın hamısını ələ keçirə bilməyib.

Bu səbəbdən ittiham aktında onun 876 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməyə cəhd etdiyi göstərilib. Cinayətin başa çatmamasının isə təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəbdən deyil, S.İsgəndərovun qalan məbləği ödəməkdən imtina etməsi ilə bağlı olduğu qeyd olunub.

Ramid Hətəmova əvvəlcə Cinayət Məcəlləsinin 29, 178.4-cü və 178.3.2-ci maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramid Hətəmovun 29, 178.4-cü maddə ilə olan ittihamı ümumi ittihamdan xaric edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ramid Hətəmova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq edərək təyin olunan 5 illik azadlıqdan məhrumetmə cəzasını 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edib.

Məhkəmə həmçinin Ramid Hətəmov barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv edib və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan digər cinayət işi üzrə həbs qətimkan tədbiri ilə bağlı vəziyyətini nəzərə alıb.

İş üzrə həbs olunmalı və xüsusi müsadirə edilməli əmlakın, eləcə də məhkəmə xərclərinin olmadığı qeyd olunub. Maddi sübut kimi tanınmış bir ədəd elektron daşıyıcının isə cinayət işinin materiallarında saxlanılması qərara alınıb.

Hökmlə razılaşmayan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apellyasiya protesti verib. Prokuror hökmün ləğv edilməsini və Ramid Hətəmovun elan edilmiş ittihamın mahiyyətinə uyğun olaraq Cinayət Məcəlləsinin 29, 178.4-cü maddəsi ilə təqsirli bilinməsini istəyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər