Füzuli rayonunda qətl törətməkdə təqsirləndirilən Elsevər Bağırovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. Belə ki, E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onun bu nikahdan iki övladı dünyaya gəlib.
2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlanıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızını himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və övladı anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, övladı bundan imtina edib və anasının himayəsində qalmaq istədiyini deyib.
Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın yad kişi ilə sevgili olduğunu deyib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən o, Elsevərlə əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gələrək onunla mübahisə edib, onu öldürəcəyini bildirib. D.Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları E.Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.
Sonuncu dəfə Elsevər Bağırov Dilbərin işlədiyi xəstəxananın laboratoriya şöbəsinə gələrək qan analizi vermək istədiyini deyib. Ondan analiz götürüləndən sonra Elsevər xəstəxananın inzibati binasında həkimlərlə mübahisə edib oradan çıxıb. Axşam saatlarında D.Namazova iş yoldaşı Şəhla ilə işdən çıxarkən pilləkəndə Elsevəri görüb. O, Elsevərə fikir vermədən pilləkənləri enib iş yoldaşının avtomobilinə tərəf gedib. Elə bu vaxt Elsevər üzərində gizlətdiyi baltanı çıxararaq arxadan D.Namazovaya hücum edib. O, Dilbərə əlindəki balta ilə bir neçə zərbə endirərək yerə yıxıb. Ətrafdakı insanlar və xəstəxana mühafizəçilərinin səyi nəticəsində Elsevərin əlindəki balta alınıb və özü də hadisə yerindən uzaqlaşdırılıb.
Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan D.Namazova xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanada dünyasını dəyişib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib.
Kamal Məmmədov