Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Xudat Məmmədovun barəsindəki qərardan dövlət verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xudat Məmmədov 2024-cü il tarixdə gecə saatlarına yaxın Şəmkir rayonu ərazisində yerləşən “Baba Lounge” kafesində spirtli içki qəbul edib. O, alkoqol sərxoşluğu vəziyyətində olarkən nalayiq ifadələr işlədib. Həmin vaxt kafedə olan zərərçəkmiş Anar Süleymanov və digər şəxslər təqsirləndirilən şəxsin bu ifadələri onlara ünvanladığını düşünüblər.
Tərəflər arasında əvvəllər də gərgin münasibətlər mövcud olub.
Belə ki, Anar Süleymanovun bacısının azyaşlı qızının və digər şəxslərin Xudatın qardaşı Fuad Məmmədov tərəfindən qəsdən öldürülməsinə cəhd göstərilməsi ilə bağlı hadisədən sonra tərəflər arasında qərəzli münasibətlər yaranıb.
Baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi ov bıçağını, eləcə də kafenin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə həmin obyektin otaqlarından birinə daxil olub. Otaqda baş verən qarşıdurma zamanı Xudat bir nəfərə bıçaqla zərbə endirərək onun sol bazu nahiyəsində deşilmiş-kəsilmiş yara xəsarəti yetirib. Nəticədə zərərçəkmiş şəxsin sol üçbaşlı əzələsi zədələnib, sol əlin beşinci barmağının funksiyası pozulub və bu xəsarətlər sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.