Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İ.Xankişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, İ.Xankişiyev özgəsinin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsin etibarından istifadə edib.
Belə ki, o, zərərçəkmiş Mahir Ədilovun arvadı Samirə Ədilovanın (hər ikisinin adı, soyadı şərtidir) barəsində Xətai rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə verilmiş “şübhəli şəxsə axtarış elan olunması haqqında” qərarın ləğv etdiriləcəyini və həmin cinayət işinə mülki əsaslarla xitam verdirəcəyini vəd edib. İ.Xankişiyev bu vədlə zərərçəkmiş şəxsi inandıraraq ondan 2025-ci ildə müxtəlif vaxtlarda ümumilikdə 35 000 manat pul alıb.
Həmin vədlərin yerinə yetirilməsi ilə bağlı real imkan və niyyəti olmadığı halda Mahir Ədilovun etibarından sui-istifadə edən İ.Xankişiyev 35 000 manat məbləğində vəsaiti ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurub.
Xətai Rayon Məhkəməsinin hökmü ilə İ.Xankişiyev 2 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi şikayətində İ.Xankişiyevə təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.
Kamal Məmmədov