2026-cı ilin üçüncü rübündə Azərbaycan banklarına məxsus ödəniş kartları ilə ölkədaxili və ölkəxarici xidmət şəbəkələrində ümumilikdə 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb. Bu əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.
Pravda.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, əvvəlki rüblə müqayisədə belə əməliyyatların ümumi sayı 49.02 faiz, məbləği isə 47.48 faiz artıb.
Üçüncü rübdə ölkədaxili xidmət şəbəkəsində kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min 257 manat olub. Bu, ikinci rübdəki 1 milyon 74 min 526 manatla müqayisədə 52.18 faiz çoxdur.
Ölkəxarici xidmət şəbəkəsində isə Azərbaycan banklarına məxsus kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 289 min 423 manatdan 376 min 293 manata yüksəlib. Bu istiqamətdə artım 30.02 faiz təşkil edib.
Əməliyyatların sayında da hər iki istiqamət üzrə artım qeydə alınıb. Ölkədaxili fırıldaqçılıq hallarının sayı ikinci rübdəki 5 min 305-dən üçüncü rübdə 7 min 222-yə çatıb. Bu, 36.14 faiz artım deməkdir. Ölkəxarici əməliyyatların sayı isə 3 min 633-dən 6 min 97-yə yüksələrək 67.82 faiz çoxalıb.
İlin birinci rübündə ölkədaxili şəbəkədə 4 min 995 fırıldaqçılıq əməliyyatı üzrə bir milyon 350 min 492 manat, ölkəxarici şəbəkədə isə 6 min 20 əməliyyat üzrə 325 min 335 manat qeydə alınmışdı.
Rüblük göstəricilərin cəminə əsasən, 2026-cı ilin doqquz ayında kartlarla ümumilikdə 33 min 272 fırıldaqçılıq əməliyyatının məbləği 5 milyon 51 min 326 manat olub. Bunun 17 min 522 əməliyyat üzrə 4 milyon 60 min 275 manatı ölkədaxili, 15 min 750 əməliyyat üzrə 991 min 51 manatı isə ölkəxarici xidmət şəbəkəsinin payına düşüb.
AMB fırıldaqçılıq üsulları üzrə bölgünü də təqdim edib. Üçüncü rübdə ölkədaxili əməliyyatlarda hesabın ələ keçirilməsinin payı 21.8 faiz, digər fırıldaqçılıq növlərinin payı isə 78.2 faiz təşkil edib. Birinci rübdə bu göstəricilər müvafiq olaraq 21.4 və 78.6 faiz, ikinci rübdə isə 33.9 və 66.1 faiz olub.
Hesabın ələ keçirilməsi dedikdə başqa şəxsin mobil bankçılıq, elektron pul kisəsi və ya digər ödəniş alətinə tam giriş əldə etməsi nəticəsində kart hesabının ələ keçirilməsi nəzərdə tutulur. Bu, həssas məlumatların həmin şəxsə ötürülməsi, zərərverici proqramlar və ya məsafədən idarəetmə proqramları vasitəsilə baş verə bilər. Digər fırıldaqçılıq növlərinə kartın fiziki iştirakı olmadan aparılan əməliyyatlar, itmiş və ya oğurlanmış kartdan, eləcə də saxta surəti çıxarılmış kartdan istifadə və digər hallar daxildir.
Ölkəxarici əməliyyatlarda isə üçüncü rübdə kartın fiziki iştirakı olmadan baş verən fırıldaqçılığın payı 71.7 faiz, digər növlərin payı 28.3 faiz olub. Birinci rübdə bu nisbət 60.2 və 39.8 faiz, ikinci rübdə isə 45.9 və 54.1 faiz təşkil edib.